Quranda ailə

Müqəddimə

Ümumilikdə İslam dinində, xüsusilə də Quranda önəm verilən məsələlərdən biri ailə məsələsidir. Quran ailəni rəh­mət və məhəbbətin mənbə və mənşəyi hesab edir:

﴿ وَ مِنْ آياتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْواجاً لِتَسْكُنُوا إِلَيْها وَ جَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَ رَحْمَةً إِنَّ في‏ ذلِكَ لَآياتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ ﴾

“Yanlarında rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr xəlq etməsi, aranızda möhkəm sevgi və mərhəmət yaratması da Onun nişanələrindəndir. Şübhəsiz, bunda (bu nemətdə) düşünən dəstə üçün nişanələr vardır”.1 İnsanlar cəmiyyətdə mərhəmətli və mehriban tərbiyə olunmaq istəyirlərsə, mərhəmət və mehribanlıq xüsusiyyətini ilk növbədə ailədən götürməlidirlər. Əgər ailədə bunlar olmazsa, cəmiyyət də mərhəmət, mehribanlıq və digər ülvi hisslərdən məhrum olacaq. Başqa sözlə, əxlaqlı cəmiyyətin formalaşması, şübhəsiz ki, ailədən asılıdır. Əgər ailədə əxlaq çiçəklənməsə, cəmiyyətdə də bu nemətdən məhrum olarıq. Beləliklə, istər hüquqi nöqteyi-nəzərdən, istər tərbi­yə­vi, istərsə də düşüncə baxımından “ailə” mövzularına diq­qət yetirmək birbaşa olaraq öz təsirini cəmiyyətdə gös­tərəcəkdir. Qarşınızdakı kitabın bəzi bölmələri fiqhi (hüquqi) sa­həyə aiddir. Çünki fiqhi bölmələrin daxilində teoloji, ideo­loji və tanışlıq xarakterli baxışlar da vardır. Bu sə­bəb­dən sa­dalanan mövzulara diqqət yetirmək və onlara məntiqi yanaşma ailələrin sağlam şəkildə və Quran əsasında tərbi­yə olunmasında danılmaz müsbət təsirlərə ma­likdir. Bundan əlavə, kitabda övlad sahibi olmaq və öv­lad tərbiyəsi, ailədə davranış qaydaları, ailənin hüquqi məsələləri, problemlərin həll yolları, ailənin ehtiyaclarını təmin etmək, onun təməlini zəiflədən səbəblər, feminizm və hicab mövzuları da araşdırılmışdır. Beləliklə, bu kitab Quran, ailə, əxlaq, hüquq və sosiolo­giya mövzularını əhatə edir. Xatırladırıq ki, buna Quranı mövzu əsasında (tematik) təfsir etmə metodu deyilir və müa­sir dövrdə geniş şəkildə yayılmışdır. Kitabdakı ayələrin təfsirində əsasən “Əl-Mizan”, “Nümunə” və “Təsnim” təf­sir­lərinə istinad olunmuşdur.

  1. . Rum, 21↩

1 / 83