Dəyərli alim höccətül-islam Məhəmmədbaqir Saivərin sizə təqdim etdiyimiz növbəti əsərində Qurani-Kərimdə imamət etiqadı haqda geniş və dərin araşdırma aparılmışdır. İslam dünyasında ən önəmli və əsaslı məsələlərdən olan imamət inancı daim bütün məzhəblər tərəfindən diqqətlə izlənmiş və müxtəlif şərh və izahlarla tədqiq olunmuşdur. Amma hazırkı kitabın eyni mövzulu əsərlərdən fərqi budur ki, imamət məsələsi Qurani-Kərim və hədislər baxımından araşdırılmasından əlavə, tarixi aspektdən də tədqiq edilir və sosioloji amillər nəzərdən qaçmır. İmamət məsələsinə münasibətdə fərdin inancının psixoloji analizi ilə birgə bu məsələyə baxış tərzində onun üzərində təzyiq yaradan sosial mühəndislik, yönləndirmə funksiyalarının hansı dərəcədə təsirli olması izah edilir.
İmaməti peyğəmbərliyin davamı olaraq ortaya qoyan bu əsərdə imamların Allah-taalanın hidayət planına uyğun olaraq paralel şəkildə fəaliyyəti gözəl şəkildə bəyan edilir. İslam dininin bir bütün olaraq peyğəmbərlik, imamət və ilahi övliyaların rəhbərliyi ilə cəmiyyətin sağlam düşüncə, duyğu və əməllərlə bu planın icrasına köməyi təsvir edilir. Bu bütünün imaməti kənara qoyaraq kamillikdən uzaq düşəcəyini əsaslandıraraq, Əhli-beytin (ə) ünvanını şəffaf şəkildə aydınlaşdırmaqla imamət məqamının kimlərə məxsus olması isbat edilir.
Ümumiyyətlə, İslam dininin yaranma fəlsəfəsinin özəyində, davamiyyətində və öz hədəfinə kamil şəkildə çatmasında imamət etiqadının rolu ətraflı şəkildə və əqli-nəqli arqumentlərə dayanaraq axıcı formada təqdim edilmişdir.